Neft kəndi çiçəklənən Balaxanıya çevrilir

22 April, 2025 20:04

Yer Kürəsi Günü münasibətilə Balaxanıda ekotədbir keçirilib. Bakı Abadlıq XidmətiEkoSfera Ekoloji-Sosial Mərkəzinin birgə təşkilatçılığı ilə yaradılmış Ekomərkəz və Botanika bağında nadir çiçək toxumları, ağaclar əkilib.

 

Yer Kürəsi Gününün builki “Bizim Enerjimiz, Bizim Planetimiz” çağırışına uyğun olaraq, tədbirin məhz bu ərazidə keçirilməsi rəmzi məna daşıyır. Balaxanı tarixən Azərbaycan enerji sənayesinin beşiyi olub. Bu gün həmin kənd yaşıl enerjiyə keçidin və ekoloji transformasiyanın simvoluna çevrilməkdədir.

 

Tədbirə qatılan Oxbridge School-un məktəbliləri üçün Balaxanı sənaye parkına və təkrar emal müəssisələrinə ekoloji ekskursiya təşkil olunub.

 

Aksiya iştirakçıları həmçinin “Gilabi ceramiks”ə gedərək öz əllərilə keramika nümunələri də yaradıblar. Yaxın vaxtda həmin əl işləri kənddə hazırlanması nəzərdə tutulan xüsusi divara həkk olunacaq. Fərqli adamların əl işlərinin bir lövhə-divarda nümayişi o deməkdir ki, Balaxanının abadlaşmasında nəinki kənd camaatının, bura gələn bütün insanların öz qatqısı, öz payı var. Yeri gəlmişkən bu ideyanın yalnız Balaxanıda deyil, Bakı Abadlıq Xidmətinin fəaliyyət göstərdiyi bütün ərazilərdə gerçəkləşməsi nəzərdə tutulub.

 

Aksiya vaxtı alternativ enerji mənbələrinin əhəmiyyəti, enerjiyə qənaət və planetin enerji vasitəsilə qorunması mövzularında da müzakirələr aparılıb.

 

Uşaqların və gənclərin ekoloji maariflənməsinə xidmət edən davamlı layihə ümumilikdə Abşeronun ekoloji bərpasına xidmət edəcək, yaxın gələcəkdə bu neft kəndi çiçəklənən Balaxanıya çevriləcək.

 

VİDEO

 

 

 

 

 

 

 

 

 

 

ƏN ÇOX OXUNANLAR