Gəncənin siması dəyişir: məhəllələr və parklar abadlaşır
Gəncə şəhərində Bakı Abadlıq Xidmətinin həyata keçirdiyi genişmiqyaslı abadlıq və bərpa işləri davam edir. Layihələr həm yaşayış məhəllələrini, həm də şəhərin ən çox istifadə olunan parklarını əhatə edir. Məqsəd sakinlər üçün daha rahat şəhər mühiti formalaşdırmaqdır.
Hazırda şəhərin bir neçə məhəlləsində "Abad həyət" layihəsi icra olunur. Bakı Abadlıq Xidmətinin baş memarı Rüfət Quliyevin sözlərinə görə, "Məhrəsə bağı" adlanan ərazidə yerləşən dörd həyətdə əsaslı abadlıq işləri aparılır. Həyətlərdə sakinlər üçün müasir oyun və idman meydançaları yaradılır. Bununla yanaşı, binaların fasadları təmir edilərək rənglənir, bloklarda yararsız vəziyyətdə olan pəncərələr yeniləri ilə əvəz olunur.
Layihə çərçivəsində məhəllələrdə iqlim şəraitinə uyğun ağac və dekorativ bitkilər əkilir, onların müntəzəm qulluğu isə Bakı Abadlıq Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilir. Abadlıq işlərinə əsasən Gəncə sakinlərinin cəlb olunması həm məşğulluğun artırılmasına, həm də layihələrin daha səmərəli icrasına töhfə verir.
Şəhərin parklarında da yenidənqurma işləri aparılır. Hazırda dörd park təmir və bərpa olunur. Sahil parkında işlər yekunlaşmaq üzrədir. Burada oyun və idman meydançaları qurulur, velosiped zolağı salınır, yerə yeni daş örtüyü döşənir. Məhəmməd Füzuli parkında mövcud struktur qorunmaqla yeni istirahət zonaları yaradılacaq. Mirzə Şəfi Vazeh parkında isə tarixi mozaika panosu bərpa edilir, giriş portalının sökülməsi ilə parkın daha açıq və gözəl görünüşə malik olması nəzərdə tutulur. Eyni zamanda bütün parklarda müasir işıqlandırma və avtomatik suvarma sistemləri yenidən qurulur.
Qısa zamanda daha bir neçə həyət və parkın yenilənərək sakinlərin istifadəsinə verilməsi planlaşdırılır.

