Gəncənin 120 yaşlı eyvanları “gəncləşib”

21 noyabr, 2025 15:11

Bakı Abadlıq Xidmətinin tarixi şəhərimizdə apardığı əsaslı təmir-tikinti prosesi zamanı ən xırda detallar belə nəzərdən qaçmır. Haqqında danışacağımız şəhər memarlığına xüsusi rəng qatan ənənəvi elementlər – tarixi darvazalar və qapılar, eyvanlar və pəncərələrdir.

Gəncənin tarixi məhəllələrindəki XIX əsrə aid binaların fasadlarında belə elementlər az deyil. Bu günə qədər 3 tarixi taxta qapı, 1 taxta darvaza və 2 taxta eyvan əsaslı şəkildə bərpa olunub.

Bərpa zamanı binalardakı orijinal pəncərələrin taxta çərçivələri təmizlənərək bərkidilib. Köhnə, çatlamış şüşələr yeniləri ilə əvəz olunub. Taxta qapılar işlək olduqlarına görə onların da bərkidilməsinə ehtiyac vardı. Qapıların petlələri, cəftələri və digər elementləri bərpa olunub. Bəzi çatışmayan detalların sürətləri hazırlanıb. Qapıların üzəri çox saylı rəng laylarından təmizlənib, çatlar və çürüklər doldurularaq yenidən rənglənib.

Binaların birindəki köhnə taxta darvazada da eyni bərpa işləri aparılıb. Darvaza tam restavrasiya olunub.

Gəncənin tarixi simasına xüsusi gözəllik verən qədim eyvanlardır ki, onlardan da ikisi tamamilə bərpa olunub, bir eyvanınsa rəngi yenilənib.

Həmin iki bağlı taxta eyvanın şüşəbəndləri möhkəmləndirilib, ehtiyac olan yerlərə şüşə salınıb. Taxtaların üst səthi təmizlənib, mövcud bütün problemlər həll olunub. Mütəxəssislər taxtaları xüsusi maddələrlə emal etdikdən sonra yenidən rəngləyərək təhvil veriblər.

Xatırladaq ki, tarixin izini yaşadan qədim taxta memarlıq elementlərinin təmiri asan məsələ deyil. İxtisaslı ustaların məharəti və işə olan sevgisi nəticəsində şəhərin əsil siması addım-addım bərpa olunur.

 

 

 

 

 

 

 

 

ƏN ÇOX OXUNANLAR